Kürün suyu çirkləndikcə, balıqları dadsızlaşır (araşdırma)

27 11 2010
modern.azhttp://modern.az/articles/6082/1/
06.07.2010, 17:27

Azərbaycanda Kürə möhtacdırlar, Ermənistanda isə içməli suyun 96%-i yeraltı mənbələrdən gəlir

Mənbəyini Türkiyənin Qızılgədik dağından götürən Kür çayı Gürcüstandan keçərək Azərbaycanda Xəzər dənizinə tökülür.
Azərbaycan əhalisinin böyük əksəriyyətinin suyunu içmək üçün istifadə etdiyi Kür çayının tımizliyi əsaaən üç Cənubi Qafqaz ölkəsindən asılıdır.  Sovet İmperiyasının dağılmasından sonra Kür və Araz kimi transsərhəd çayların qorunması Gürcüstan, Ermənistan və Azərbaycanın məsuliyyəti altında qaldı.

Cənubi Qafqaz ölkələrinin, xüsusilə də Azərbaycanıın ekoloqları regionun əsas su mənbəyi olan Kür çayının çirklənməsi ilə bağlı uzun illərdir ki, həyəcan təbili çalırlar. Sənaye və məişət tullantılarının Kürə yol tapması əsasən içilmədə, suvarmada və balıqçılıqda istifadə edilən çayın suyu əhalinin sağlamlığına potensial təhlükədir.

Vəziyyət Sovet İttifaqı zamanındakından yaxşıdır?

Gürcüstan Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirliyinin (GƏMMTSN) mətbuat xidmətinin rəhbəri Elza Japoşvilinin sözlərinə görə, Kür çayına nəzarətin zəif olmasının səbəbi əsasən maliyyə problemləriylə bağlıdır: “Sovet İttifaqının dağılmasından sonra ölkənin maliyyə çətinlikləri səbəbindən təmizləmə qurğuları, xüsusilə şəhərin çirkab sularını təmizləyən qurğular tədricən zəifləməyə başladı və nəticədə Kür çayı nitrogen qarışıqlar, ağır maddələrlə çirklənmə təhlükəsiylə üz-üzə qaldı. Səth su ehtiyatının çirklənməsinin digər səbəbi isə çay sahilində qanunsuz zibilliklərin genişlənməsidir”.

Ermənistanın su ehtiyatları üzrə eksperti və milli koordinatoru Vahaqn Tonoyan bizimlə söhbətində bildirib ki, hazırda vəziyyət Sovet İttifaqı zamanındakından qat-qat yaxşıdır: “Düzdür,  Sovet İmperiyasının dağılmasından sonra Cənubi Qafqaz ölkələrində qənaətbəxş olmayan kapital səbəbindən nəzarət və monitorinq zəiflədi. Lakin Sovet dövrü ilə müqayisədə Cənubi Qafqaz ölkələrində sənayenin zəifləməsi ilə çirklənmə əhəmiyyətli dərəcədə azaldı, buna görə də Ermənistan ərazisindən keçən transsərhəd çayları Sovet dövrü ilə müqayisədə daha təmizdir”.

“Qanuni olaraq Kürə heç bir tullantı axıdılmır”

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova isə bu iddialarla razılaşmır. O bildirib ki, həm Gürcüstan, həm də Ermənistan ərazilərindən (bunlar əsasən Debet, Xram, Alazan, Lori, Ağstafaçay, Araz) məişət və sənaye tullantı suları heç bir kimyəvi və bioloji təmizlənmə aparmadan, qismən mexaniki çökdürmədən sonra birbaşa su obyektlərinə axıdırlar. Bununla yanaşı, buraya suvarılan torpaqlarda istifadə edilən gübrələrin su ehtiyatlarına diffuziyon  təsirləri də əlavə olunur.

Gürcüstandan olan ekspert Zurab Jinçaradze Gürcüstan tərəfinin qanuni olaraq Kür çayına heç bir tullantı axıtmadığını bildirib: “Nə sənaye, nə də məişət suları leqal olaraq Gürcüstanın səth sularına axıdılmır. Qeyri-qanuni axıtmalar Azərbaycan da daxil olmaqla, bütün ərazilərdə baş verir. Gürcüstanda buna qarşı Ekoloji Nəzarət İdarəsi tərəfindən böyük miqdarda cərimə təyin olunub. Bütün çirkab suları təmizlənmə qurğularına axıdılmalı və sonra bioloji və fiziki maddələrdən təmizlənməlidir”.

Bakılılar Kürdən asılıdır…

Azərbaycan ETSN-in təmsilçisi M.Avazovanın sözlərinə görə, bizim ərazidə Kür çayına  təsirlər əsasən orta və aşağı axınlarda baş verir: “Mingəçevir, Salyan və Şirvan şəhələrinin  əsasən məişət və qismən də sənaye tullantı suları mexaniki çökdürülmədən sonra su obyektinə axıdılır. Azərbaycanda əkin sahələrində istifadədən sonra geri qayıdan  sular kollektor drenaj sistemi vasitəsi ilə birbaşa Xəzər dənizinə axıdılır”.

Azərbaycan ETSN-nin iyun ayının ikinci ongünlüyündə apardığı monitorinqin nəticələrinə görə, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. “Şıxlı-2” məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenol 4, mis birləşmələri 3, Ağstafaçay məntəqəsində fenol 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenol 2, mis birləşmələri 3 dəfə YVQH-nı keçib.

Bütün bunlara baxmayaraq, Azərbaycan əhalisinin 70%-dən çoxu Kür suyunu içmək və məişət ehtiyacları üçün istifadə edir. Bakıda isə milyonlarla adam Kür suyundan asılıdır. Gürcüstanda isə Kürün suyu yalnız sənaye və suvarma işlərində istifadə olunur.

Bəs Ermənistanda?

Ermənistanlı mütəxəssis Tonoyan deyir ki, Ermənistanın içməli suyunun 96%-i yeraltı su mənbələrindən gəlir. Kür çayının qolları isə (Debet, Ağstafa və Kürün kiçik qolları) əsasən suvarılma, həmçinin su elektrik stansiyası, texniki, balıqçılıq, rekreasiya və digər məqsədlər üçün istifadə olunur”.

Gürcüstan ƏMMTSN-nin mətbuat xidmətinin rəhbəri Elza Japoşvilinin sözlərinə görə, çirkli suların monitorinqi səth sularında çirkab suları təmizləyən müəssisələr tərfindən yerinə yetirilir: “Həmçinin Ətraf Mühiti Mühafizə İdarəsinin monitorinq müəssisələrindən keçən suların keyfiyyəti Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirliyinin nəzarəti altındadır”.

Gürcüstan və Ermənistan Helsinki Konvensiyasına niyə qoşulmur?

Onu da qeyd edək ki, Cənubi Qafqaz ölkələri arasında transsərhəd çayların və beynəlxalq göllərin istifadəsi və mühafizəsi ilə bağlı Konvensiyaya (Helsinki Konvensiyası) yalnız Azərbaycan imza atıb. M.Avazova qeyd edib ki, hövzənin yuxarı axınında yerləşən hər iki ölkə başa düşür ki, Konvensiyaya qoşulduqdan sonra həmin sənədin şərtlərindən irəli gələn öhdəliklərə əməl etməlidirlər: “Bu isə külli miqdarda maliyyə vəsaiti deməkdir. Bunu bildiklərindən Konvensiyaya qoşulmaqdan yayınırlar. Amma qeyd edim ki, Gürcüstan bu Konvensiyaya qoşulmaq ərəfəsindədir”.

Elza Japoşvili də Gürcüstanın sözügüdən Konvensiyaya qoşulmağa hazırlaşdığını deyib: “Gürcüstan müşahidəçi ölkədir və UNECE (Avropa üzrə Birləşmiş Millətlər İqtisadi Komissiyası) Katibliyinin əməkdaşları ilə bu istiqamətdə işləyir”.

Konvensiyanın öhdəlikləri ermənilərə tam aydınlaşdırılmayıb

Ermənistan eksperti V.Tonoyanın fikrincə isə, bu Konvensiyanın öhdəlikləri tam olaraq aydınlaşdırılmayıb: “Həm Gürcüstan, həm də Ermənistan hazırda Helsinki Konvensiyanın şərtlərindəki anlaşılmazlıqla əlaqədar bu sənədə üzv deyillər. Konvensiyanın təsdiqindən və “çirkləndirmə haqqı” prinsipləri üzərində iş aparıldıqdan sonra Gürcüstan və Ermənistanın məsuliyyətinin təfərrüatı aydın deyil. Sənədə qol çəkmək Gürcüstan və Ermənistanı sosial-iqtisadi çətinliklə üz-üzə qoyur. Faktiki olaraq, Gürcüstan və Ermənistan tərəfindən heç bir çirkab suyu axıdılmadığı üçün konvensiyanın ratifikasiyası ölkələr üzərinə əlavə maliyyə xərcləri qoya bilər”.

Çıxış yolu üç ölkənin birgə işləməsidir

Son üç il müddətində Cənubi Qafqaz ölkələri Kür və onun qollarının mühafizəsi üçün ümumi qərara gəlməyə çalışıblar.

“Avropa Birliyinin himayədarlığı altında “Transsərhəd çayların idarəedilməsində Kür çayı üçün II Mərhələ -Ermənistan, Gürcüstan, Azərbaycan” layihə həyata keçirilir. 2009-cu ilin əvvəllərindən bəri üç dövlət Cənubi Qafqazda transsərhəd çayların mühafizəsi ilə bağlı səth sularının keyfiyyətinə nəzarət proqramına qoşulublar” – deyə Tonoyan qeyd edib.

Azərbaycandan M.Avazovanın sözlərinə görə isə bu istiqamətdə Gürcüstanla dövlət səviyyəsində bir çox müqavilələr və qarşılıqlı əməkdaşlıq çərçivəsində işlər aparılır, lakin bunu Ermənistana aid etmək olmaz: “Ermənistanla isə yalnız bir çox beynəlxalq layihələr çərçivəsində bəzi birgə işlər görülür”.

“Hazırda Azərbaycan, Gürcüstan və Ermənistanın iştirakı ilə davam etməkdə olan və artıq yerinə yetirilmiş bəzi işlər var. Bu layihələrin məqsədi transsərhəd çayların idarə edilməsində birgə fəaliyyət göstərməkdir” – Japoşvili əlavə edib.

“Balıqların dadı azalıb”

Azərbaycan ETSN-in nümayəndəsi M.Avazovanın sözlərinə görə, çirklənmə nəticəsində Kürün balıq ehtiyatı azalmaqda davam edir: “Antropogen təsirlər artdıqca həssas balıq növləri yaşam mühitlərini itirərək yox olurlar”.

Gürcüstan paytaxtının sakini veteran balıqçı Dato Tutberidze də deyir ki, son zamanlar balıqlar sanki yoxa çıxıb: “Son günlərdə balıq tutmaq çox çətinləşib. Bəzən bir balıq tutmaq üçün saatlarla gözləməli oluram. Həm də mənə elə gəlir ki, Kür çayından tutduğum balıqlar əvvəlkinə nisbətən daha dadsızdır”.

Ülviyyə Quliyeva

Tiflis, Gürcüstan

Advertisements

Actions

Information

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s




%d bloggers like this: