Qızılhacılıların qara günləri

27 11 2010
modern.azhttp://modern.az/articles/6342/1/
20.07.2010, 12:36
Gürcüstanın Borçalı mahalında yaşayan soydaşlarımız Azərbaycandan kömək umurlarGürcüstanın bir çox rəsmi dairələri bu ölkədə yaşayan azərbaycanlıların vəziyyətinin normal olduğunu bildirsə də, soydaşlarımız bununla razılaşmır. Yəni vəziyyət heç də rəsmilərin dediyi kimi deyil. Gürcüstanda yaşayan azərbaycanlıların ən böyük problemi işsizlik və sosial təminatın aşağı olmasıdır. Marneulinin Qızılhacılı kənd sakini, avtomobil mühəndisi Əhməd dayı deyir ki, bir vaxtlar orta məktəbdə avtomobil texnikası üzrə dərs deyirmiş. Amma həmin fənn təhsil proqramından çıxarıldıqdan sonra işsiz qalıb. Ümidi taksi kimi istifadə etdiyi köhnə sovet maşınınadı, onun da gündə bir-iki müştərisi ya olur, ya da olmur: “İşimiz-gücümüz yoxdur, kimi deputat seçirlərsə, hamısı özü üçün çalışır. Azərbaycandan bura gələn şirkətlər də bizi işə götürmürlər. Hazırda Gürcüstanda Azərbaycana məxsus “Akkord” və SOCAR şirkəti fəaliyyət göstərir, amma onlardan bizə heç bir fayda yoxdur. Heç yerdən qazanc əldə edə bilmirik”.

Əhməd dayının həyat yoldaşı Zeynəb xanım orta məktəbdə müəllimədi. Azərbaycanlı şagirdlərə gürcü dili dərsi keçir. Amma aldığı maaşla bircə dəfə bazara gedə bilir: “50 dollar maaş alıram, bu da 100 lari deməkdir. Bu qədər maaşla tək adam belə dolana bilməz. Dərs saatımızı artırmırlar, neçə illərdi bu belə davam edir. Amma şagirdlərimizin durumu bir az yaxşıdı,  Azərbaycan və Gürcüstan dövləti onları pulsuz kitablarla təmin edir”.

Qızılhacılı əhalisinin 40 faizi qazsızdır

Qızılhacılıların bundan da böyük dərdi var. Həmsöhbətimiz təqaüdçü Ramiz Əhmədov kəndə verilən qazdan istifadə edə bilməməsini ən böyük problem sayır. O, bu problemlə əlaqədar aidiyyatı orqanlara müraciət etməkdən yorulub: “Qızılhacılı Marneuli rayonunda böyük bir kənddir, kəndin 60 faizinə qaz çəkilib, qalan hissəsində isə ümumiyyətlə mərkəzi xətt yoxdur. Ona görə də biz 250 evin ərizəsini Gürcüstanda olan SOCAR şirkətinin sədri Mahir Məmmədova verdik. Ərizəmizi qəbul etdilər, amma nə bir cavab var, nə də bir nəticə”.
R.Əhmədov deyir ki, heç olmasa mərkəzi xətti çəksələr qalanını sakinlər öz hesablarına çəkərlər: “Gürcüstanda bir balon qazın qiyməti  26 laridir (12 manat- Ü.Q.), bir ailəni təmin etmək üçün isə ayda 52 larilik (26 manat – Ü.Q) qaz lazım olur. Amma evlərə qaz verilərsə, o daha ucuz başa gələr”.
Müsahibizmizin sözlərinə görə, mərkəzi xətti çəkmək üçün hər ailədən 600 lari (300 manat – Ü.Q) verilməsini tələb edirlər: “Buna da imkanımız çatmır. Odunun bir maşını da 800 laridir (400 manat – Ü.Q.), biz onu alıb ailəmizi təmin edə bilmirik. Buna görə də qışda soyuqdan dişimiz-dişimizə dəyir”. İş probleminə gəldikdə, vəziyyət daha acınacaqlıdı.  R.Əhmədov deyir ki, Gürcüstanda Azərbaycanın bir çox şirkətləri fəaliyyət göstərir: “Amma nə fayda, azərbaycanlılardan bir nəfəri belə işə qəbul edən yoxdur. Qəbul eləsələr də onların ya əmək haqqını vermirlər, ya da aldadırlar”.

“Azərbaycan dövləti bizə ikinci vətəndaşlıq hüququ versin”

Marneuli rayonunun yaşlı sakini Mamed Nəsibov isə Borçalıda sosial problemlərlə yanaşı, hüquqlarının məhdudlaşdırıldığını da deyir. Müsahibimizin sözlərinə görə, Borçalı bölgəsinin əksəriyyətini azərbaycanlılar təşkil etməsinə baxmayaraq, bəzən gürcülər onları bu yerlərə sonradan, yəni XVII əsrdən sonra gəlmiş xalq kimi göstərirlər:
“Biz burda vətəndaş kimi öz hüquqlarımızdan istifadə edə bilmirik. Yaşadığımız problemlərlə bağlı əvvəllər bir neçə dəfə Azərbaycan dövlətinə müraciət etmişdik, hətta Azərbaycan parlamentinin nümayəndələrindən biri bizimlə görüşə gələndə xahiş etmişdik ki, burda yaşayan azərbaycanlılara Azərbaycan vətəndaşlığı hüququ da verilsin. Bunu niyə istəyirdik? İlk növbədə Azərbaycanın yardımına ehtiyacımız vardı, həm siyasi, həm də mənəvi cəhətdən. Düzdür, o zamanlar arxada qaldı, amma bu gün yenə hiss edirik ki, həmin məsələlər bir daha təkrar olunmaqdadır. Məsələn, burdan Azərbaycana gedərkən çox böyük problemlər yaşayırıq, orda yaşayan doğmalarımıza burdan heç bir ərzaq apara bilmirik. İnsanların əlində olan ərzağı alıb ya geri qaytarırlar, ya mənimsəyirlər, ya da Xram çayına atırlar.  Burda yaşayan azərbaycanlılar da eyni xalqın nümayəndələridir, olmazmı ki, bizə qoyulan bu qadağaların qarşısı alınsın”.

M.Nəsibov bildirir ki, həm Azərbaycan, həm də Gürcüstan sərhəddində qadağalar olsa da, problemi daha çox Gürcüstan sərhəddində yaşayırlar: “Biz Azərbaycan rəhbərliyindən, Milli Məclisdən xahiş edirik ki, bu məsələlərə diqqət yetirsinlər. Nə vaxta kimi burda hüquqsuz insan kimi yaşamaqda davam edəcəyik?”. Nəsibov işsizlik probleminin ucqar kəndlərdə daha çox olduğunu və əhalinin vəziyyətinin acınacaqlı olduğunu bildirir. O qeyd edir ki, şəhər mərkəzinə yaxın olan insanlar az da olsa ticarətlə qazanc əldə edə bilirlər. Lakin Marneuli, Bolnisi, Dmanisi kimi rayonların ucqar kəndlərində vəziyyət  həddindən artıq ağırdı.  İnsanlar təkcə mal-qara və qatıq-süd satmaqla dolanırlar.

Əhalinin 80 faizinin yaşayış səviyyəsi aşağıdır

Gürcüstan prezidenti Mixail Saakaşvilinin müsbət cəhətlərindən danışan həmsöhbətimiz deyir ki, bir çox sahələrdə onun yaxşı fəaliyyətini təqdir edirlər: “Gürcüstanda əmin-amanlıq yaranmasında, oğurluğun, əliəyriliyin qarşısının alınmasında böyük rolu var. Amma bununla yanaşı, ölkədə tətbiq olunan qanunların insanlarda aqressiya yaratması da danılmazdır. Bunlardan biri də insanlara həddindən artıq böyük məbləğdə cərimələrin təyin olunmasıdır”.M.Nəsibov deyir ki,  həmin məbləği beş il işləsə də ödəyə bilməz:
“Axı bu boyda cərimə tətbiq etməklə bizi hansı vəziyyətə salmaq istəyirlər? Ondansa, əl-qolumuzu bağlayıb aparıb həbsxanaya atsalar bundan yaxşıdı. Cərimənin cərimə həddi olar, bunu elə eləmək lazımdı ki, insanlar onun altından çıxa bilsin. Bu təkcə burda yaşayan azərbaycanlılar üçün deyil, Gürcüstanın hər yerində tətbiq olunur, belə məsələlərə gəldikdə prezidentə olan münasinbət dəyişir”.
Müsahibimiz bildirib ki, azərbaycanlıların işıq problemi də var və bunun müsbət istiqamətdə həll olunacağını gözləmirlər: “Düzdür, kənd işıqla təmin edilib, amma işıq idarəsindən verilən etimadnamələr bütün xalq arasında narazılığa səbəb olub.  Elektrik transformatorları xarab olanda idarəni maraqlandırmır, bizim üstümüzə atırlar. Elektrik dirəkləri hərəsi bir yana əyilib, məftillərin də altından keçmək mümkün deyil”.
M.Nəsibov qeyd etdi ki, Gürcüstanın Respublika Fondundan Qızılhacılıda yaşayan insanların sosial təminatının qarşılanması üçün 50 min lari (25 min manat – Ü.Q.) pul ayrılmışdı: “Yerli əhali də müraciət etdi ki, mərkəzi qaz xəttinin çəkilməsi üçün bu puldan istifadə olunsun. Çatışmayan hissəsini də insanlar arasında pul toplayıb düzəldə bilərlər. Amma o pul kommunal idarələrin kənddə görəcəyi işlərə xərcləndi. Yolun kənarlarına zibil qutuları qoydular, Qızılhacılının 700-800 metrlik ərazisində yolun kənarıyla işıq dirəkləri basdırıldı, yəni pullar yarasız yerə sərf olundu”.

Seçdiklərimizdən bizə bir haray yoxdu…”

M.Nəsibov deyir ki, hər seçkiqabağı qapı-qapı gəlib yalvarırlar ki, gəlib səs verin, problemlərinizi həll edəcəyik: “Həm rayon səviyyəsində seçilən deputatlar, həm də respublika səviyyəsində seçilən üç deputat yalnız şəxsi mənafeləri üçün çalışırlar. Xalqın qayğısına qalan yoxdu. Artıq neçə illərdir mən o seçkilərin heç birinə getmirəm, getməyimin onsuz da əhəmiyyəti yoxdur, çünki seçdiyimizin də bizə xeyri yoxdu”.

Tariximizi unutdurmağa çalışırlar…

Müsahibiz çıxış yolunu Azərbaycan rəhbərliyinə müraciət etməkdə görür:
“Mümkün qədər burda yaşayan azərbaycanlıların sosial təminatına diqqət yetirsinlər, Gürcüstan azərbaycanlılarının qayğısına qalsınlar. Çünki bizim  ağrılı günlərimizin acısını nə vaxtsa yenə Azərbaycan çəkməli olacaq, yəni insanlar burda dolana bilməyəndə, hüquqlarından istifadə edə bilməyəndə, burdan uzaqlaşmağa çalışacaqlar. Artıq bu proses gedir. Dmanisi, Bolnisi rayonlarında iki-üç mərtəbəli evlər sökülüb, sahibsiz qalıb, sakinləri Azərbaycana gedib. Ermənistandan qaçqın düşən soydaşlarımızın yükü Azərbaycan dövlətinin üzərinə düşdüyü kimi, eyni məsələ Gürcüstandan gələnlər üçün də təkrarlana bilər”.

Gürcüstan azərbaycanlılarını ən çox narahat edən məsələlərdən biri də Borçalıda olan bir çox rayon və kəndlərin tarixi adlarının dəyişdirilməsidir: “Bu gün Bolnisi rayonunda bir dənə də köhnə Azərbaycan kəndinin adı qalmayıb. Ancaq el arasında Muğanlı, Arıxlı, Faxralı deyirik. Növbə yavaş-yavaş gəlib Borçalının digər rayonlarına da çatacaq. Gələcək nəslimizin tariximizi bilmələri üçün bu məsələlərə diqqət yetirilməsini xahiş edirik”.

Qızılhacılı kəndinin bərbad yolları…
Qaz yoxdur, odundan istifadə edirlər…
Mamed Nəsibov: “Hər seçkiqabağı qapı-qapı gəlib yalvarırlar ki, gəlib səs verin”.

Ülviyyə Quliyeva
Tiflis, Gürcüstan

Advertisements

Actions

Information

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s




%d bloggers like this: